All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Ölmək istəyəndə mənə zəng elə,

Ayaz Arabaçı

Ölmək istəyəndə mənə zəng elə, Səni bir sehrli sözlə öldürüm. Bir az əl gəzdirim əsəblərinə, Bir az da döz deyim.. "döz"lə,öldürüm. Fikrindən nə keçsə çəkinmə söylə, Təpədən-dırnağa, məni özün bil. Axı səndən ötrü mənim əlimdən. Ölmək o qədər də qorxulu deyil. Mənə tanış gəlsin keçirdiyin hiss, Ölmək istəyəndə gözəl geyin çıx. Səni öldürməyin bir üsulu var- Nə cəllad kötüyü,nə dar,nə çarmıx. Ölmək istəyəndə qəti qərar ver, Çatım ünvanına əsən küləklə. Yüyür dəli kimi sarıl boynuna, Qarşıla ölümü açıq ürəklə. Gərsin qanadını sərin bir axşam, Açsın qollarını bir dərin quyu. O daddan,o tamdan,o şirinlikdən, Axsın ölmək üçün ağzının suyu. Heç nə xatırlama,heç nə düşünmə. İlıq göz yaşıyla gözlərini yum. Beş-altı rəngbərəng balıqqulağı.. Və bir də bir ovuc islaq, narın qum.. Ölmək istəyəndə toxun şəklimə, Titrəsin qəfildən ayağım-əlim. Ölmək istəyəndə qapıl sükuta, Səsini uzaqdan eşidim gəlim. Bitir qəlbindəki alış-verişi, Sən məni həyatda heç kimə bölmə. Ölmək istəyəndə mənə zəng elə, Elə öldürüm ki,bir də heç ölmə.

Published online