Poem · Azərbaycan
Nə olursa olsun şirindi həyat,
Nə olursa olsun şirindi həyat, Şirindi yaşanan ağrılarıyla… Şirindi bitməyən nağıllarıyla. Qapılar hər yerdən bağlansa belə, Sinən çalın-çarpaz dağlansa belə. Heç-zaman qədərə-qəzaya küsmə, Tanrıya hirslənmə, fəzaya küsmə. Həyat inadkardı, tərsdi, bilirsən, Hər addım, hər nəfəs dərsdi, bilirsən. Yollar tapdanmaqdan bezibmi gör heç, Hər acı drama sən də gülüb keç. Görsən yoxa çıxır bir-bir dost-tanış, Sükutla həmdəm ol, divarla danış. Fələknən savaşda ağzına su al, Ən asan cavabdı, ən çətin sual. Görsən ki, lap qandı-irindi həyat, Yenə də hər şeydən şirindi həyat, Təkcə bu dünyada bir şeyə inan, Ağrılar gerçəkdir, sevinclər yalan. Yaşamaq əslində önəmsiz işdi, Bizik, şişirtmişik, adi vərdişdi. Kimsə bu mənasız vərdişə bir də, Fəlsəfə yükləyib, məna uydurub. Ömür gözümüzə dağ kimi durub.
Published online
Source: https://ayazarabaci.com/writing/ne-olursa-olsun-sirindi-heyat/