All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Nə düşübsən, mələyirsən kənd ha kənd,

Ayaz Arabaçı

Yağış yağmışkən isti-isti ... Kənd həsrətindən yazan bir şairə. ***

Nə düşübsən, mələyirsən kənd ha kənd, Bakı elə ucdantutma kənd olub. Hər tərəfi çoban-çoluq götürüb, Hər tərəfə qoyun-quzu bənd olub.

Dərə də var, təpə də var, çay da var, Çirkab sular şəlalətək sellənir. Sanki ana laylasıdı küləklər Karusellər nənni kimi yellənir.

Nə yazırsan bostan belə, bağ belə, Nə tutmusan köhnə kəndi xonçada. Otlamağa səki boyu ot da var, Quzqulaq da, yolotu da, yonca da.

İlhama gəl, köpüklənsin təbin hey, 5-10 manat yığa bilsən at, dala. Prospektin palçığına qaloş gey, Şalvarının balağını qatdala.

Yolu keçən eşşəyə bax, ata bax, Qəssaba bax, qoltuğunda danası. Xırda-xırda keçmişinə qayıdır. Ölüb daha bu şəhərin anası.

Nə fərqi var ana elə anadı, Burda da var küçələrdə dilənir. Bir təbəqə donuz kimi qoxuyur Bir təbəqə qoyun-quzu iylənir.

Orda bizim gördüyümüz Koroğlu, Gəlib burda heykəl olub bürüncdən, Bax burda da kuzəlidi gözəllər. Küçələrdən su daşıyır bir ucdan.

İstəyəndə ortalığa saz gəlir, Nağara da, balaban da “xoddadı”. Guya burda düz-əməlli qaz gəlir, Şəhərdə də odun peçi “moddadı”.

Barlarında mələk də var, sənəm də, Nə inad et, nə inkar et, nə nəm-nüm. Dağ deyirsən, azmı dağ var sinəmdə, Burax getsin bu sosial tərrənüm,

Qələm götür könülaçan nəsə yaz. Bu yazılar qoyunadı, qurdadı. Kənd həsrətin önəmini itirib. Əsl dərd də, əsl kənd də burdadı.

Published online