Poem · Azərbaycan
Nə bir kimsə mənim üçün unudub-gedib,
Nə bir kimsə mənim üçün unudub-gedib, Nə də ki, mən, havalardan qapıram sözü. Bir yol adam arasına çıxardanadək, Min yol açıb yoğururam-yapıram sözü.
İşlədirəm millətimin dərdi-sərində, Odu vardır ürəyimin hər əsərində, Saxlayıram öz gücündə, öz kəsərində, Bu əsləhəm, bu yarağım- rapiram sözü..
Düzəldirəm bəzən onu daşdan-qayadan, Yedirdirəm-bəsləyirəm halal mayadan, Görkəminə don biçirəm abır-həyadan, Hər tənədən, hər qınaqdan sapıram sözü..
Arada ki, nəqş olunur beynimə şəkli, Bir südəmər körpəsayaq güllü beşikli, Tökülürəm küçələrə itli-pişikli, Axtarıram, arayıram, tapıram sözü.
Hər ağrımda, hər acımda, yaramda, dinir, Acısı da şərbət kimi canıma sinir, Vaxt olur ki, dayanmadan söz məni minir, Vaxt olur ki, mən minirəm- çapıram sözü..
Published online
Source: https://ayazarabaci.com/writing/ne-bir-kimse-menim-ucun-unudub-gedib/