Poem · Azərbaycan
Mirzə Cəlil düzəlmədi bu millət..
Mirzə Cəlil düzəlmədi bu millət..
Hər addımı uçuruma, selədir, Nə yazıbsan ucdantutma yelədir, Necə qoyub gedibsənsə elədir, Mirzə Cəlil düzəlmədi bu millət.
Hər tərəfdən yağı qapır payını, Molla çatmır ulamağa vayını, Yasa boğur il on iki ayını, Mirzə Cəlil düzəlmədi bu millət.
Dərd adamı başqa nə cür budayar.? Xuda dedik, heç olmadı Xuda, yar.. At oynadır hər kənddə bir Xudayar, Mirzə Cəlil, düzəlmədi bu millət..
Yol gedirəm bir saralmış zəmiynən, Dil tapmıram bu dünyanın qəmiynən, Dalaşmışam Məmmədhəsən əmiynən, Mirzə Cəlil düzəlmədi bu millət..
Səyim gicim, bicim, dəlim düzəlmir, Talayıram heç cür əlim düzəlmir, Novruzəlim, Qurbanəlim düzəlmir, Mirzə Cəlil, düzəlmədi bu millət.
Şuşa demir, Tiflis demir, səkirdin, Sağdan-sola şumlayırdın əkirdin, Kimdən ötrü it zülümü çəkirdin.? Mirzə Cəlil düzəlmədi bu millət.
Published online
Source: https://ayazarabaci.com/writing/mirze-celil-duzelmedi-bu-millet/