All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Min ulduzlu səmalarda çaşmadım,

Ayaz Arabaçı

Min ulduzlu səmalarda çaşmadım, Birulduzlu asimanda ilişdim.. Baxışları iliyimə işlədi, Nə oldusa, bircə anda ilişdim.

Sellər qopdu, çaylar daşdı gözümdən, Yanaqları pul-pul oldu sözümdən, Baxdım gördüm əsər yoxdu özümdən, Mən o ruhda, mən o canda ilişdim..

Şah budaqda ətli-qanlı narıydı, Ürəyimə təzə yağan qarıydı, Bütün yollar əzbərimdə varıydı, İlişməzdim handa-handa..İlişdim.

Yaz mehitək ötüb keçdi solumdan, Elə bil ki,daş asıldı qolumdan, Qaranlıqlar azdırmadı yolumdan, Dan ulduzum, mən bu danda ilişdim.

Səadətin sal qayadan himiydi, Üç-dörd notda dörd-beş kövrək simiydi, Sualları qaymaqnan bal kimiydi, Gör bir hansı imtahanda ilişdim..

Qoy ağrısın,ağrıdıqca əzam,ver.. Səndən gəlir,mübarəkdi qəzam,ver, Ulu Tanrı,hər nədisə cəzam ver, Ulu Tanrı,mən bu qanda ilişdim..

Published online