All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mənim öz yolum var, öz cığırım var.

Ayaz Arabaçı

Mənim öz yolum var, öz cığırım var. Hər yolu-yolağı həzm edəmmirəm. Xalqımın illərlə düşüb qaldığı, Bu qara zolağı həzm edəmmirəm.

Alçağa qıymaram söz səbətimi, Lap şişə taxsınlar kəsib, ətimi, Neynim Allah vursun xasiyyətimi, Yaltağı-yalağı həzm edəmmirəm.

Oturub yalandan bayram etməyin, Min ildən qabağa barmaq etməyin, Cındırı ucaldıb bayraq etməyin, "Ətəyi"-"balağ"ı həzm edəmmirəm.

Səbirdə nə tapdı, dözümə girən, Çoxdu xəfiyyətək sözümə girən, Hər axşam efirdən gözümə girən, O otu-alağı həzm edəmmirəm.

Bu ölkə mənimdi, bazarladığı... Salıb xəstəliyə azarladığı... Nazirin yüz hektar hasarladığı, Meşəni, bulağı həzm edəmmirəm.

Oldumu şeytanın ağ iş qurduğu..? Enişdi ruhumun yoxuş durduğu.. Kiminsə millətə soxuşdurduğu, Calağı-culağı həzm edəmmirəm..

Görüm hər arzudan-muraddan olsun, Zalımın hər yolu Siratdan olsun.. Danış, söhbətimiz Qır Atdan olsun, Eşşəyi, ulağı həzm edəmmirəm..

Published online