All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mənim bir bülbülüm var sinəmdəki qəfəsdə,

Ayaz Arabaçı

Mənim bir bülbülüm var sinəmdəki qəfəsdə, Susar bir neçə dildə,dinər bir neçə dildə. Oturub gecə-gündüz yaşıl bir budaq üstə, Sayıqlayar adını rabitəsiz şəkildə.

Uçub uzaq ellərə yol almaz diyar-diyar, Çırpınar ürəyində son arzu qalanacan. Bütün damarlarını uf demədən doğrayar, Sənə gedən yollara qanı iz salanacan.

Mənim bir bülbülüm var,bir bilsən nə həvəsdə, Susub durduğunda da sanarsan ki,oxuyar. Bir gün gəlib taparsan sən onu,son nəfəsdə, Görərsən ki,onda da nəfəsi sən qoxuyar..

Qoymazsan uçub gedə o nəfəsi əlindən, Bir ovuc işıq kimi gözlərinə təpərsən. Dəstə-dəstə ayırıb,çiçək-çiçək telindən, Göz yaşına bələyib məzarıma səpərsən.

Mənim bir bülbülüm var sinəmdəki qəfəsdə, Naləsi bəs eləyər neçə-neçə illərə. Gəl onu ziyarətə ölməmiş,xəstə-xəstə, Çırpır köksünü hər gün tikanlı məftillərə.

Hər baharda sulanıb,yarası göz-göz olan, Acılı bir xatirəm,tikanlı bir gülüm var.. Bayram tonqallarında yanıb-yanıb köz olan, Mənim bir bülbülüm var,mənim bir bülbülüm var

Published online