Poem · Azərbaycan
Mən şerimin çörəyini içimdə,
Mən şerimin çörəyini içimdə, Halalıqdan yoğururam-yapıram. Bacardıqca qoruyuram adımı, Əyri işdən, əyri sözdən sapıram.
Namusuma sözüm kimi baxıram, Adamlara özüm kimi baxıram, Silahıma gözüm kimi baxıram, Qələmimdi, oxum-yayım, rapiram.
Bir dost-tanış əskik görməz duzumu, Sevgilərdə əridirəm buzumu, Əlləşirəm-vuruşuram ruzumu, Qarışqatək hardan olsa tapıram.
Tanrı haqdı qara onnan, ağ onnan.. Sən yüz dəfə paqon üstən paqonnan.. Ağrı-acı özü gəlir vaqonnan, Səadəti it ağzından qapıram.
Hansı ziyan hansı nəfə verilib, Qara başım çox hədəfə verilib. Ömürdü də bircə dəfə verilib, Mən də minib sağa-sola çapıram.
Published online
Source: https://ayazarabaci.com/writing/men-serimin-coreyini-icimde/