All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən həmişə haqsızın

Ayaz Arabaçı

Mən həmişə haqsızın Üstünə haqlı getdim. Çəkinmədim-qorxmadım, Yarlı-yaraqlı getdim.

Boyun büküb durmadım, Bəhanə uydurmadım, Nə çəkdim duydurmadım, Sirli-soraqlı getdim.

Xalqa söz verə-verə, Girmədim hər alverə, Ürəyim gedən yerə, Gözlərim bağlı getdim.

Zəmanəni bəd gördüm, Ha yüyürdüm sədd gördüm, Harda şirin vəd gördüm, Unudub ağlı getdim.

Gələndə hallı gəldim, Pətəyi ballı gəldim, Yaşıllı-allı gəldim, Qaralı-ağlı getdim..

Çıxdım ömür limitdən, Söz götürdüm min itdən.. Neçə-neçə ümiddən, Sinəsi dağlı getdim..

Naləsiydim bir simin, Odu söndü hirsimin, Hər qapıya Sim-Sim-in, Başımda nağlı getdim..

Hamınız ürəksiniz.. İşıqsınız,rəngsiniz, Bir də görəcəksiniz, Əlli-ayaqlı getdim...

Published online