All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən də inanmışdım sözünə sənin,

Ayaz Arabaçı

Mən də inanmışdım sözünə sənin, Deyirdin, tülkütək qoyub qaçırlar, Yaxşı ovulmayıb burnu düşmənin, Odu bax, yenə də atəş açırlar..

Mən şair adamam, qıymaram heç vaxt, Nəinki adama..böcəyə,quşa! Bir qaldır başını sən ey ali taxt, Yenə gülləbaran olunur Şuşa..

Yenə gülləbaran olunur Laçın, Yenə Kəlbəcərə yağır mərmilər. Bəsdi, bu bəlanın sirrini açın, Bizi uyutmasın,bir də, nənnilər.

Bir qərar düzənlə, bir fərman buyur, Millət ağlamasın oğul yasında. Nə üçün təzədən meydan oxuyur, Düşmən ağzımızın düz ortasında..

Min dənə sual var bağrımı sökən, Verdiyin cavablar zəhər tamlıdır. 20 yanvarda qanımı tökən, Cəlladlar nə vaxtdan sülhməramlıdır.

Bir işə yaramır müdrik kəlamlar, Bazarda nə Rumi, nə Sədi qalıb. Kəsilib arada haqqı-salamlar, Sabaha ümidin cəsədi qalıb..

Gördük min sifəti,min-min üzü də, Bu millət nə qədər oğul itirdi.. Qalan beş-on illik ömrümüzü də, Bu məmur sürüsü yedi bitirdi.. Bu kaftar sürüsü yedi bitirdi..

Nə qədər üz verək, naləyə, aha, Fil də çəkə bilməz bu dərdi-səri.. Qoymur adam kimi nəfəs almağa, Bizi Ermənistan erməniləri.. Bizi Azərbaycan "erməni"ləri..

Published online