All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Mən bu il də ad günümü bezdiyim,

Ayaz Arabaçı

Mən bu il də ad günümü bezdiyim, Ömür adlı xarabada keçirdim. Bir mənzildə təkərləri boşalmış, Sınıq-salxaq arabada keçirdim..

Xəyallarım uçuşurdu yanımda, Külü kimi yanıb-sönən küləşin. Şüaları yorulmuşdu canımda, Mənə baxıb gülümsəyən günəşin.

Gəlişinə qollarımı gərdiyim, Hansı ümid,hansı yalan olmadı. Yağış idi,külək idi,mən idim, Daha başqa yada salan olmadı.

Ömür boyu ürəyimə yatmayan, Bir uğursuz səadətlə çəkşdim. Səsi-ünü dost-tanışa çatmayan, Bir köşədə sağlığıma tək içdim..

İlişirdi boğazımda hər tikə, Qara,qatı duman idi hər tərəf. Məni bir yol gəlmədi ki,təbrikə, O adına bəxt deyilən bişərəf.

Olunmadı bir könüldə adım həkk, Günlərimi hara gəldi sovurdum. Mən bu il də ad günümü təpəm-tək, Tənhalığın təndirində qovurdum.

Məndən ötrü daha fərqi yox idi, Alışmışdı qaranlığa gözlərim.. Azalırdı təbəssümü dünyanın, Ağlayırdı qumral telli sözlərim..

Daha mənə qəlbimdəki kədər də, Canımdakı intizar da xoş idi. Ürəyimi çıxartmışdım ovcuma, Tərk edilmiş yuva kimi boş idi..

Xırıldayıb qurtarmışdı köhnə val.. Alovunu itirmişdi ölü şəm.. Sığal çəkdi saçlarıma bir xəyal, Dedi gəldim təkliyni bölüşəm..

Published online