Poem · Azərbaycan
Külək qovub qaranlığı aparır,
Külək qovub qaranlığı aparır, Bacamızdan kasıb-kasıb dan düşür. Heç bilmirik səhər necə açılır, Bizə ancaq xoruzlardan ban düşür..
Gah təbibik,gah dərmanıq deyirik, Ağrıyanın yarasına dəyirik, O qədər ki,itə-qurda əyirik, Papağımız başımızdan yan düşür..
Nə ruhumuz,nə könlümüz dad alır, Danışanda səsimizi yad alır, Şərəfsizlər ad üstündən ad alır, Gözümüzdən şərəf düşür,şan düşür.
Göyə çıxır hirsimizin buxarı, At oynadır əsli-kökü suxarı, Balqabaqlar çəkildikcə yuxarı, Görkəmindən ad yıxılır,san düşür.
Ucuz qalmam bu bazarda baha-mən.. Baş endirməm heç bir halda şaha mən, Bu dünyayla oynamıram daha,mən, Gədə-güdə aşıq atır xan düşür..
Etdi bizi bir nadürüst pələsəng, Düşünməyə zaman yoxdu,tələsək... İpəyə də,qumaşa da bələsək, Qocaldıqca gözümüzdən can düşür..
Acı dedim,şirinə yoz,bal anla, Vaxt olur ki,dil tapmırsan balanla, Məcbursan ki,keçinəsən yalanla, Düz deyəndə aralığa qan düşür...
Published online
Source: https://ayazarabaci.com/writing/kulek-qovub-qaranligi-aparir/