All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Kömək istəmədim şər allahından,

Ayaz Arabaçı

Kömək istəmədim şər allahından, Qəlbimdə pisliklər yaşatmadım mən. Kövrək qanadların qorxdum ahından, Quşlara heç zaman daş atmadım mən.

Könlümdə yazlanıb,baharlandılar, Göylər sevincimlə bahalandılar, Özləri uçdular- buxarlandılar, Quşlara heç zaman daş atmadım mən.

İçimdə od hansı,su hansı ,bildim, Quşları anamın duası bildim, Qəlbimi quşların yuvası bildim, Quşlara heç zaman daş atmadım mən.

Məğribdən məşriqə ta bəsimiydi, Körpə çağlarımın təbəssümüydü, Quşlar hər arzumun təcəssümüydü, Quşlara heç zaman daş atmadım mən.

Tale dəyişilməz, qədər qaçılmaz, Haqdan kin püskürməz, nifrət saçılmaz, Qorxdum ki,gün çıxmaz, səhər açılmaz, Quşlara heç zaman daş atmadım mən.

Başımdan min bəla adlatdım amma.. Çox şeyin daşını mən atdım amma, Çörək ovxaladım, dən atdım amma, Quşlara heç zaman daş atmadım mən.

Published online