Poem · Azərbaycan
Kərim ...
Heç kim bilmir Kərim niyə bu qədər içir, Heç kim bilmir Kərim niyə bu qədər çəkir. Eləcə bir ucdan qınayır hamı, bu adamı. Kərimin aşığı alçı duranda Gözünü yumur, ağzını açır. Çoxları Kərimi görəndə qaçır. Bəzən deyinir qarasına dombagöz, əyriqılça arvadı, Kərimin havası ayrı havadı. Arvadı deyir ki Camaat qaz vurub qazan – dolduranda Kərim tuluğunu doldurur. Ailəmizin büdcəsini Kazımın kafesindəki nisyə dəftərinə yoldurur. Nə bir ağ günümüz var, nə bir təknə unumuz var. Nə də qoyun taleyimizdə qırxılası yunumuz var Kərim deyi ki, öz puluma araq içirəm. Məmurlar kimi xalqın qanını içmirəm, Pul verib əsgərlikdən saxlatmıram oğullarımı, Vətəni qorumağa göndərmişəm, noğullarımı İndi də siqaretimi çəkirəm, arağımı içirəm: Kimə nə, öz sağlamlığımdan keçirəm, içirəm , əcəb eliyirəm içirəm: Yaltaq vəzirlərin əvəzinə utanıram, içirəm, Loxması hazırların əvəzinə utanıram içirəm, Mamır bağlamış nazirlərin əvəzinə utanıram içirəm, Rüşvət almıram, öc almıram, Araqdan, tüstüdən güc alıram, Dəllallıq eləmirəm, Pulla “inistuta” uşaq salmıram Bəzi başçılar kimi prezdenti görəndə “uşaq” salmıram. Ürəyimə xal salıram, Düzdü içirəm, çəkirəm, amma tərəzidə yalan çəkmirəm, Xalqın malına talan çəkmirəm, heç kimin arvadına ütü çəkmirəm Vəzifələrə kütü çəkmirəm, Cəhənnəmə ki, deyirlər Kərim içir, Kərim çəkir, Bu mənə bəsdi ki, üzümə deməsə də doqquz uşaq doğan arvadım xəlvətə düşəndə deyir: Dünyanın dərdini ərim çəkir.
Published online
Source: https://ayazarabaci.com/writing/kerim/