Poem · Azərbaycan
Kefim pozulub səhərdən..
Kefim pozulub səhərdən.. Yuxuda gördüm ki,dəniz çıxıb gedib şəhərdən. Yerinə Şuşanın dağları gəlib. Hər yeri basıb kos-kol.. köç yoluna dönüb Az tv-yə qalxan yol. Camaat gedir qabağında atı-ulağı. Parlamentin binasının yerindən axır şırıl-şırıl İsa bulağı. Alov qüllələri at qulaqları kimi şəklənib, Şəhidlər Xiyabanı göz yaşlarından çiçəklənib.. Yuxuda gördüm ki, Cıdır düzündə bir möhtəşəm villa tikdirib Hacı-kərbalayi-məşədi-qurumsaq.. Həyətində də anaşa kolları. Özü də məclis düzəldib .. Əyrəmçə şou ulduzlarının ora-burasına soxur bir qalaq dolları. Nə xarı bülbül var,nə "hop-hop"quşları. Ağzına gələni üyüdür efir bayquşları.. Yuxuda gördüm ki, qanlı köynəyim asılıb yanmış məktəbin hələ də tüstülənən tirindən.. Yuxuda gördüm ki,hamı başını götürüb gedir, biri-birindən...
Published online
Source: https://ayazarabaci.com/writing/kefim-pozulub-seherden/