All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İtiribdi abırını efirlər,

Ayaz Arabaçı

İtiribdi abırını efirlər, Çıxan yaman fəna çıxır efirə. Bir də gördün arvad döyüb birini, Gözündə bir fanar çıxır efirə.

Tüpürcəyi sifətində loppanı, Ağzı-burnu, gözü-qaşı şoppanı, Öz adından xəbərsizlər hoppanıb, Ada çıxır-sana çıxır efirə.

Eyni tərtib, eyni üslub, eyni fon, Dönər, hot-doq, çipsi, kola, meqafon.. Hərəsinin əlində bir mikrafon, Kələ çıxır, dana çıxır efirə.

Hara baxsan düşük-düşük çal-çağır, Bu zərbədən aldığımız fəlc ağır, İşə düşüb silahların alçağı, Sanki hamı qana çıxır efirə.

Bacarmıram ev-eşiyə sığmağa, Başlayıram adamlıqdan çıxmağa, Elə bil ki, hamımızı yığmağa, Söz veribdi, cana, çıxır efirə.

Gördüyümün, ləyaqətdən tümü, daz.. Düzələrmi, inanmıram, ümid az.. Biri də var başında bir unitaz, Döşündə bir şana çıxır efirə.

Zibilləyir zövqümüzü donuzlar, Çətin dözə bu yük altda omuzlar, Sürmələnib cilvələnir xoruzlar, Dəstə-dəstə bana çıxır efirə.

Səbrimizin ortasına it hürmüş, Burda sözün vəzifəsi bitirmiş, Ən müqəddəs dəyərləri itirmiş, Bala çıxır, ana çıxır efirə.

Qaçırdanda can ağrısı yuxunu, Tapammazsan o əvvəlki qoxunu, Açırsan ki, dincəldəsən ruhunu, Hansısa bir xana çıxır efirə..

Bəlli deyil məsələlər bəllimə, Buraxıblar özbaşına, səllimə, Düşür birdən fürsət Rəşid məllimə, Adam yana-yana çıxır efirə...

Published online