All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İşə düşdü zurnaçılar-züyçülər,

Ayaz Arabaçı

İşə düşdü zurnaçılar-züyçülər, Qol götürüb bala-bala oynadıq. Elə soxdu haqq-hesaba küyçülər, Oynadıq ey, Ağabala,oynadıq..

Oyanmamış bir gül üzlü səhərdən, Ruhumuzu endirdilər yəhərdən, Yeritdilər qanımıza zəhərdən, Elə-bildik yağa-bala oynadıq..

Nadürüstlər tac qayırdı,taxt oldu, Hər işimiz başımıza "taqq" oldu, Atam,bizə nə oldusa haqq oldu, Toyuq kimi köhnə fala oynadıq..

Tanrıydıqmı qozbeli düz yaratdıq, Bir sifətdə min əyri üz yaratdıq, Bu taleyi biz özümüz yaratdıq, Bir gün mıxa,bir gün nala oynadıq..

Ondan-bundan dada-dada umsunub, Nə vardısa verdik bada,umsunub, Bir az sana,bir az ada umsunub, Br az pula,bir az yala oynadıq.

Nifrətimiz bir Əliyə oynadı, Amma ,lakin kirəliyə oynadı.. Düşmən bir az irəliyə oynadı, Biz də bir az dala-dala oynadıq.

Nə çırpınaq bu buxovun içində, Dərdin-sərin,sözün-sovun içində, Biz bu qədər od-alovun içində, Erməniynən xala-xala oynadıq.

Published online