All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İlahi boş şeydi yerdəki yerlər,

Ayaz Arabaçı

İlahi boş şeydi yerdəki yerlər, Sən mənə nə ocaq,nə pir yeri ver. Qəlbindən-könlündən yaxşı yer olmaz, Mənə verirsənsə o bir yeri ver.

Yaxanı şah kimi qırağa çəkmə, Kefin istəyəndə qınağa çəkmə, Hər uşaq-muşaqnan sınağa çəkmə, Susan hayqırtıma bəbir yeri ver.

Ağartdım saçımı qarda-yağışda, Birdi taleyimdə bahar da,qış da.. Yer tapa bilmirəm bu dağılmışda, Dözməyə bir az da səbir yeri ver.

Bilirsən sinəmdə kimin dizidi, Bu nalə sonuncu can krizidi, Hər yer at izidi,eşşək izidi, Üzümü qoymağa ləpir yeri ver..

Qanım Qarabağda qaşıq-qaşıqdı, İndi ən iylənmiş söz barışıqdı, Burda məsələlər qat-qarışıqdı, Dürüst hesablara cəbr yeri ver.

Hökmü,ixtiyarı qoyunlardayam, Vəbalı,piy basmış boyunlardayam, Ən iyrənc,ən pozğun oyunlardayam, Barı son ayaqda "sə-bir" yeri ver..

Millət it oynadan sirk içindədi, Hərə bir büt yonub,şirk içindədi, İçimiz-çölümüz çirk içindədi, Qalıbsa bir təmiz kəbir yeri ver.

Dilim haqq deməkdən cadar-cadardı.. Soyundum,bu dünya ruhuma dardı, Hər yer xəfiyyədi,hər yan radardı, Sən mənə bir başqa tədbir yeri ver.

Bursa da işimi neçə səy "Məmiş", Oğlunam,heç kəsə papaq əyməmiş.. Mənə bircə misra nəfəs dəyməmiş, Baxış toxunmamış qəbir yeri ver..

Published online