Poem · Azərbaycan · 1995
İki rol aldığın bir acı filmə,
İki rol aldığın bir acı filmə, Sonadək səbrlə baxdım qurtardım. Sənə deyiləsi sözləri bir-bir, Güllətək kağıza çaxdım qurtardım. Harda adın keçən şerim vardısa, Yandırıb qurtardım-yaxdım qurtardım. Elə yüngüləm ki,elə,bu axşam.. Elə bil anamdan təzə olmuşam.. Dağılıb başımın dumanı-çəni, Yaxşı ki,vaxtında tanıdım səni.. Öpüb gözlərimin üstünə bir də, Qoymaram yaramı qaşıyanları. Sözdən sünbül tutan arzularımı, Siçan yuvasına daşıyanları. İndi mən çox yaxşı başa düşürəm, Xəyal qırıqlığı yaşayanları. Dünyada nə varsa səninki olsun, Mən sənə buraxdım aşiyanları.. Könlümdə bir qətrə ağrı-acı yox, Heç nəyin izaha ehtiyacı yox. Burda haçalandı yolumuz yəni.. Yaxşı ki,vaxtında tanıdım səni.. Həyatın öz dadı bir ayrı şeydi, Quru şəkillərdən baxıb doyulmaz. Sənin bu nəğmədən səsin titrəməz, Sənin bu sevgidən için oyulmaz. Dünyanın ən məşhur loğmanı gələ, Sınıq xəyallarım gipsə qoyulmaz. Dalınca göynəməm hər keçən dəmin, Sən buna yüz faiz əmin ol,əmin.. Sevgisiz göyərməz heç kimin dəni.. Yaxşı ki,vaxtında tanıdım səni. Hər kəsə xoş gəlmir çılpaq həqiqət, O da yalan adlı dona qayıdır. Bu dünya axırdan əvvələ dönür, Ya elə əvvəldən sona qayıdır.. Kim-kimin yanında olmalıdısa, Dünya dağılsa da ona qayıdır.. Heç nəyi şişirdib dağ eləməyək. Yaxşısı budu ki,ağ eləməyək.. Tanımaq gərəkdi dostu-düşməni. Yaxşı ki,vaxtında tanıdım səni...
Published online
Source: https://ayazarabaci.com/writing/iki-rol-aldigin-bir-aci-filme/