All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

İçimdə Allahın nuru varıydı,

Ayaz Arabaçı

İçimdə Allahın nuru varıydı, Hər sözü, kəlməsi piriydim, abla.. Heyif tez açıldım, tez adiləşdim, Bir vaxtlar çözülməz siriydim, abla.

Keçdi şəkərliyim, ötdü ballığım, Soldu yaşıllığım, söndü allığım, İtdi zaman-zaman kristallığım, Sözüynən əməli biriydim abla.

Yaşa da əməlli dola bilmirəm, Soxmuşam başımı kola, bilmirəm.. Daha dovşanı da ola bilmirəm, Sözümün aslanı-şiriydim abla,

Bilmirəm yuxuydu, nəydi, ayıldım, Talemi, ağzımı əydi, ayıldım, Başım daşdan-daşa dəydi, ayıldım, Özüm-öz gözümün tiriydim, abla.

Yıxıldı kürəyim dayaqlarımdan, Batdı səmalarda ay, ahlarımdan.. İndi daş asılıb ayaqlarımdan, Onda addımları iriydim abla..

Səsin uzaqlardan gəldi sur kimi.. Büründüm dumana bir ağ nur kimi, Altında durduğun bu yağmur kimi, Mən də bir zamanlar diriydim, abla..

Sürmədi bahardan payıza qədər, Yazılıb gəlmir ki, kağıza, qədər.. Məni tərk eləyən o qıza qədər, Mən eşqə inanan biriydim abla..

Published online