All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Həyat halal haqqımın mində birini vermir,

Ayaz Arabaçı

Həyat halal haqqımın mində birini vermir, Özüm istəyəndə də vay- şüvənlik eləyir. Sonra da qəlbimdəki arzuların gözünə, Tozdan kirşan düzəldir,küldən ənlik eləyir..

Yep-yeni hərflər çıxıb nə samitdi,nə sait, Yaxasını çəksə də,hamı-hamıya aid, Bizdən asılı deyil,düşdüyümüz şərait, Səni mənlik eləyir,məni sənlik eləyir.

Çox genişdi meydanı,çox genişdi xərliyin, Beş-üç köhnə kitabda adı qalıb ərliyin, Tüpürəsən içinə o cür bərabərliyin, Səni yasda boğanlar özü şənlik eləyir.

Mürgülədim bu ömrü illərin nazı altda, Taleyini yaşayır,hərə bir yazı altda, Qara gün hər gün məni qara qapazı altda, Bir az unluq eləyir,bir az dənlik eləyir.

Daraşıbdı canıma dərdlər bir-bir bit kimi, Hər yerindən süzülür ömür ucuz çit kimi, Başıpozuq rəqəmlər diş qıcayır it kimi, Dünya hesab dərsidir,hamı tənlik eləyir.

Xumarlanır xəyalım pişik kimi yük üstə, Azca əsməyə bəndəm,dayanmışam tük üstə, Aparır asta-asta başımı kötük üstə, Ürəyim əzrayıla işverənlik eləyir...

Published online