All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Həsrətindən puçur-puçur açılıb,

Ayaz Arabaçı

Həsrətindən puçur-puçur açılıb, Qönçə-qönçə darıxmağa nə dərsin.. Bircə addım ayrılanda dözməyib, Səndən öncə darıxmağa nə dərsin?..

Kim soruşsa cavabını"heeç", verib, Öz-özünə matəm qurub"üç" verib, Yana-yana siqaretə güc verib, Düşüb öcə, darıxmağa nə dərsin..

Məqam gəzir, görmürsənmi dərd, elə, Yol uzaqdı qanadını sərt elə, Dəli kimi saçındakı hər telə, Bircə-bircə darıxmağa nə dərsin.

Qurtarmır ki, heç Allahın, səhəri, Kimə töküm dilimdəki zəhəri, Kaman kimi inildədib şəhəri, Küçə-küçə darıxmağa nə dərsin.

Göz yaşını cilalayıb sübhədək, Günahını malalayıb sübhədək, Həsrətindən "balalayıb" sübhədək, Bütün gecə darıxmağa nə dərsin...

Arzuları tifil qoyub gedimmi, Bu sevgini səfil qoyub gedimmi, Sənin kimi qəfil qoyub gedimmi, Bir heç-heçə darıxmağa nə dərsin..

Published online