Poem · Azərbaycan
Hər kəsi göylərə eşqi qaldırır,
Hər kəsi göylərə eşqi qaldırır, Hər kəsi torpağa məhəbbət çəkir. Sürüb gedənədək bu zalım ömrü, Tale qabağına neçə şərt çəkir.
Sevdan sevdaların qaraşınıdı, Saxla qoltuqlarda get başını di.. Dünya ilahinin ət maşınıdı, Əzrayıl bir ucdan qoşub ət çəkir..
O kimdi, ömrümü-günümü yeyir, İçində şər dönür, dilində xeyir, Sevgidən yazdığım ən uzun şeir, Riyazi hesabnan bircə bənd çəkir.
Bezib qaynamışam canımdan düzü, Təsəlli gərəkməz olsa da yüzü, Üzdə bir-birinə gülsə də üzü, Hamı fikir yeyir, hamı dərd çəkir.
Yenə darıxanda çox şükür meyə, Adamı bir anda döndərir neyə, Ortada insanlıq qalmasın deyə, Hamı divar hörür, hamı sədd çəkir.
Qaldı tülkülərə bəbir yerləri, Tükəndi canımdan səbir yerləri, Elə bahadı ki, qəbir yerləri, Adam ölməyə də xəcalət çəkir.
Published online
Source: https://ayazarabaci.com/writing/her-kesi-goylere-esqi-qaldirir/