All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hələ erməniyə bir daş atmayıb,

Ayaz Arabaçı

Hələ erməniyə bir daş atmayıb, Burda bir-birini qıran kişilər. Miladdan on əsr öncədə qaldı, Hər sözü,kəlməsi "Quran" kişilər.

Vətən qətl olundu imam Söyüntək, Qalmadı ümidi yerdə göyün,tək, Çoxaldı hardansa pərpətöyüntək, Gah nala,gah mıxa vuran kişilər.

Həm gildən,həm mumdan əmələ gəldi, Həm tozdan,həm qumdan əmələ gəldi, Misdən,alminumdan əmələ gəldi, Bu "qızıl" kişilər,"uran" kişilər.

Verdik illər boyu qarın-qarına, Dözdük çıxartdıqca pəstahlarına, Erkək timsah kəsim iştahlarına, Turan qururdular,Turan,kişilər.

Zildə də mizrabı bəm vururdular, Arxadan vuranda cəm vururdular, Hər gün kişilikdən dəm vururdular, Başı ombasında duran kişilər..

Bu qədər ağrını-acını neynir, Atanı-ananı,bacını neynir, Ağdamı,Şuşanı,Laçını neynir, Dubayda ziyafət quran kişilər...

Published online