Poem · Azərbaycan
Hələ çox gedəcək bu zappa-zupnan,
Hələ çox gedəcək bu zappa-zupnan, Minib belimizə şələ ki, belə.. Birtəhər dolanın kələmnən, supnan, Hələ ki, belədi,hələ ki, belə..
Ey manıs, sən imam, bağırma zildə, Dözməz bu dərdlərə fil oğlu fil də, Çapıb səyirdərlər on-on beş il də, Vermişik yaxanı ələ ki, belə..
Ömür zolağında qara bəsidir.. Bu qədər aldığı yara bəsidir, Buralar Mədain xərabəsidir, Xaqani Şirvani Fələki, belə..
Burulur sinəmdən qəm ala çıxır.. Bir bax bu suvaqdan nə mala çıxır, Konturu Şimala-mimala çıxır.. Qurulub bu xalqa tələ ki, belə..
Hər kəsi birbəbir çəkib-soyacaq, Elə ha gözlə ki, yeyib-doyacaq, Axırda hamını girov qoyacaq, Bu işi başlayıb lələ ki, belə..
Mən heç inanmıram özüm də düzü, Əridib içində gecə gündüzü, Bir hovur günəşin açıla üzü, Bulud bu tərəfdən gələ ki, belə...
Published online
Source: https://ayazarabaci.com/writing/hele-cox-gedecek-bu-zappa-zupnan/