Poem · Azərbaycan
Həkimnən-dərmannan qurduğu sabit,
Həkimnən-dərmannan qurduğu sabit, Halını qoruyur hərə birtəhər. Altından atını çəkib alıblar, Nalını qoruyur hərə birtəhər.
Ağırdı diqtələr,ağırdı şərtlər, Cildini min dəfə dəyişdi mərdlər, Elə xal salıb ki,içinə dərdlər, Xalını qoruyur hərə birtəhər.
Çoxdu şikayəti hədəfin oxdan, Bəs hanı yaradan hər şeyi yoxdan, Əlindən çıxıbdı dəymişi çoxdan, Kalını qoruyur hərə birtəhər.
Yoruldum atları xamutdamaqdan, Yoruldum içimi umuddamaqdan.. Hamı kəsilibdi yumurtlamaqdan, Falını qoruyur hərə birtəhər.
O kimdi sınmadan sözü şax deyər, Çıxar birnəfəsə şaqqaşaq deyər. Qorxur ki,dil açıb yoxdu Haqq deyər, Lalını qoruyur hərə birtəhər.
Çoxalıb Vətənin yükü,çoxalıb, Yolurlar kimin ki,tükü çoxalıb, Canavar çoxalıb,tülkü çoxalıb, Malını qoruyur hərə birtəhər.
Kül olub başına həyanın-arın, Bir adı boğazdı,bir adı qarın, Dərdi çox ağırdı kresloların, Yalını qoruyur hərə birtəhər.
Heç harda düz sözün ənamı yoxdur.. Yıxdı dərd o boyda binamı,yoxdur.. Heç kimin-heç kimə inamı yoxdur, Dalını qoruyur hərə birtəhər..
Published online
Source: https://ayazarabaci.com/writing/hekimnen-dermannan-qurdugu-sabit/