Poem · Azərbaycan
Harda olsa çürüdəcəm bu ömrü,
Harda olsa çürüdəcəm bu ömrü, Fərqi yoxdu ayaq olsun,baş olsun. Məndən ötrü nədən desən dost olur, Adam olsun,ağac olsun,daş olsun.
Pisdən gəlsə şər kimidi xeyir də, Gözdən düşər seyrangah da seyir də, Bəzəmərəm hər alçağı şeirdə, Lap istəyir kabab üstən aş olsun.
Dərd heç kimin qanadını ütməsin, Şər toxumu cücərməsin-bitməsin, Sevgilərin şirinliyi itməsin, Ara vuran məqamında faş olsun.
Xatirəsi üç ağlamlıq,beş ahlıq, İçimizdən əl götürmür uşaqlıq, Qoy bir gün də taxtdan düşsün bu şahlıq, Qoy bir az da göz üstündə qaş olsun.
Ayaz nə vaxt ikiləşsə sözündə, Baxıb görsün hər günahı özündə, Qoymaram ki,güldürdüyüm gözündə, Gülüm,bir də bircə damcı yaş olsun..
Published online
Source: https://ayazarabaci.com/writing/harda-olsa-curudecem-bu-omru/