Poem · Azərbaycan
Gül açdı bal tutdu dodaqlarında,
Gül açdı bal tutdu dodaqlarında, Sözlərin gah üzüm,gah əncir oldu. İt kimi bağladın özünə məni, Sonra da hədiyyən bu zəncir oldu.
Bir qara yelkənli dərdə ulaşdım.. Mən səni beləmi arzulamışdım.. Qanlı göz yaşımla çox sulamışdım, Eşqimin meyvəsi niyə cır oldu..
Unutdun adımı hüsnixətində, Öldüm doğulmamış neçə bətndə, Nə var ki,Kərbəla müsibətində, Mənim müsibətim ayrı cür oldu..
Olsa da çox çətin birinci addım, Ağına-bozuna baxmamış atdım, Mən də bu alverdə beləcə batdım, Məndən nə bəzirgan,nə tacir oldu.
Şirin bir zəhərdi sevginin ilki, Sağalmaz o yara,qılıncı dil,ki.. Könlüm bir ömürlük qürbətə bil ki, Sənin ucbatından mühacir oldu..
Published online
Source: https://ayazarabaci.com/writing/gul-acdi-bal-tutdu-dodaqlarinda/