Poem · Azərbaycan
Gözəldi şeh düşmüş gülüşlərini,
Gözəldi şeh düşmüş gülüşlərini, Qöncə dodağından öpüşlə dərmək. Gözəldi qafiyə yerişlərini, Yığıb misra-misra şerə çevirmək.
Gözəldi heç nəyi gözə almamaq, Dünyanı unutmaq bir qılığınla. Gözəldi sevgidən yetim qalmamaq, Gözəldi buz tutmaq ayrılığınla.
Gözəldi havalı-havalı gəzmək, Səni hər saniyə anmaq gözəldi. Gözəldi həsrətin yolunu kəsmək, Həm də həsrətindən yanmaq gözəldi.
Gözəldi hər notda oxunmaq sənə, Olmaq bircə dəfə nəğmən, gözəldi. Eləcə göz-gözə toxunmaq sənə, Mənim istəyimə rəğmən gözəldi.
Heç kim inciməsin qənaətimdən, Axı öz gözündə hərə gözəldi. Bir onu bilirəm,bilirəm ki,mən, Bu dünya tək sənə görə gözəldi.
Gözəldi hərdənbir kövrələ bilmək, Nə bilim nə yaxşı,nə pis gözəldi. Gözəldi dərdindən ölüb-dirilmək, Gözəldi həmişə bu hiss gözəldi.
Çatdıra bilmədim fikrimi nəsə… Söznən alınmadı könlümü dinlə. Gözəldi dayanıb nəfəs-nəfəsə, Qızınmaq eşqinlə,hərarətinlə.
Published online
Source: https://ayazarabaci.com/writing/gozeldi-seh-dusmus-guluslerini/