All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Göydə artıq ikinci ay doğulub,

Ayaz Arabaçı

Göydə artıq ikinci ay doğulub, Kür quruyub, lilə çıxıb, soğulub, Bizimkilər göz yaşına boğulub, Salım-bərəm şeirləri yazırlar.

Zay tutulub mayaları beşikdən, Pələngdilər, törəyiblər pişikdən, Tülkü kimi girdikləri deşikdən, Dağım-dərəm şeirləri yazırlar.

Xəcil qalıb doqquz iqlim qurşağı, Şeirləri uzaqbaşı bir şahı, Sığallayıb xayasını padşahın, Saray- hərəm şeirləri yazırlar..

Saçı pırpız, gözü zığlı kişilər, Döşü qıllı, yanı qığlı kişilər, Yekə-yekə bığlı-bığlı kişilər, Əsli-Kərəm şeirləri yazırlar.

Ağnayırlar, gəyirirlər, qusurlar, Hər deşiyin qabağında pusurlar Bu millətin dərdlərinə susurlar.. Azar-vərəm şeirləri yazırlar..

Published online