Poem · Azərbaycan
Gəzib dolanmışam qarışbaqarış,
Gəzib dolanmışam qarışbaqarış, Hər eli, elatı, obanı belə. Alimi, aqili bir yana dursun, Əzizdi gözümdə çobanı belə. Qaladım bu xalqa məhəbbətimlə, Hər gün içimdəki sobanı belə... İçək sağlığına, içək bu xalqın.
Bir bu gün deyil ki, min illər boyu, Düşüb bəlalara, gəlib nəzərə. Söz açdım həmişə böyüklüyündən, Bələdim sözümü qızıla, zərə. Hesab soruşmayın hər hürən itdən, Baxmayın ağızdan gəvəzələrə. İçək sağlığına, içək bu xalqın.
Kefim at oynadır ala buludda, Tanrıya könlümdən kanat çəkərəm. Bu gün içimdəki zəlzələlərin, Ruhuna qartaldan qanad çəkərəm.. Əlimi tarixin dibinə salıb, Şərəfi üstündə min ad çəkərəm, İçək sağlığına, içək bu xalqın.
Arada keçmişə dəyib qayıdaq, Qoy ruhu şad olsun dədələrin də. Başqadı vurmağın kefi, nəşəsi, Axşamın bu sərin radələrində. Gül açıb balaca, kasıb süfrəmiz, Ürəyi açılıb badələrin də. İçək sağlığına, içək bu xalqın.
Günəşlə süslənmiş, ayla bəzənmiş, Bu ulu muzeyin sağlığı olsun. Elə qaldıraq ki, elə içək ki, Yüz qram yüz öyün sağlığı olsun.. O taylı, bu taylı, Kürlü, Arazlı, Güneyin, Quzeyin sağlığı olsun, İçək sağlığına, içək bu xalqın.
Published online
Source: https://ayazarabaci.com/writing/gezib-dolanmisam-qarisbaqaris/