Poem · Azərbaycan
Gəlib tez-tələsik çıxıb gedirsən,
Gəlib tez-tələsik çıxıb gedirsən, Səndən nə soruşum bu dar macalda. Bir elə zəngimə cavab vermədin, Canınmı dərddəydi,başınmı qalda... Bəlkə də yalandan bir şey uydurub. Desən anlayardım səni hər halda. İçində nə var ki,sevgidən özgə, Başqa şey axtarma sən bu sualda, Niyə götürmürdün telefonumu...
Əlimdə bir qazan yağım da daşsa, Mən sənin nömrənə baxardımmı yan. O gün yaxşı şeylər ola bilərdi, Çıxdı əlimizdən qos-qoca imkan. Nə oldu elə hey oturub-durub, Bəs axı deyirdin duyğularından, Hörmüşəm ömrümə qızıl donumu, Əgər eləydisə bəs onda mənim, Niyə götürmürdün telefonumu.
O gecə yatmadım səhərə qədər, Bir gözümdə irin,bir gözümdə qan. Nə böyük işiydi açıb can demək, Kitayın bir ucuz telefonundan. Bəlkə can üstəydim,bəlkə ölürdüm, Bəlkə o ayrılıq,bəlkə o hicran. Elə gətirirdi mənim sonumu, Niyə götürmürdün telefonumu..
Könlümün yeganə qibləsi sənsən, Bəs kimə kükrəyim,bəs kimə əsim. Varmı ürəyimin dilini bilən, Mənim səndən ayrı özgə bir kəsim. O gün sözlərimi cilalamışdım, Hətta yalvarışla doluydu səsim. Aşağı salmışdım tamam tonumu, Niyə götürmürdün telefonumu.
Sən olsan neynərdin mənim yerimdə, Məzara oxşayan bu dar otaqda. Açdı gül ağzımı amansız həsrət, Söydüm ey,o ki,var taleyə-baxta. Gördüm buz kimidi əlim-ayağım, Gördüm hökm eləyir içimdə şaxta, Nömrəni yığdım ki,açım donumu, Niyə götürmürdün telefonumu.
Ayrılıq hörümçək toru kimidir, Sarıb hər tərəfi,hər yanı sarıb. Özün bilirsən ki,səni qəlbimin, İçinə qoymuşdum sinəmi yarıb. Getmə ucuzluğa ucundan tutub, Neynirsən təzədən tarix axtarıb, Ayın doqquzumu,yoxsa,onumu.. niyə götürmürdün telefonumu...
Published online
Source: https://ayazarabaci.com/writing/gelib-tez-telesik-cixib-gedirsen/