All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Ən gözəl, ən şirin sevgidən ötrü,

Ayaz Arabaçı

Ən gözəl, ən şirin sevgidən ötrü, Həm yara düzəltdim, həm duzu tapdım. Ömrümün əllinci baharınadək, Min ağrı yaşadım, min sızı tapdım..

Beş gündən onunu zəhərə çıxdım, Gördüm çıxardan var, səhərə çıxdım. Göylərə bir uzaq səfərə çıxdım, Bir ovuc salamat göy üzü tapdım.

Baxdım aynalarda boyat üzümə, Öyrəşə bilmədim o yad üzümə, At kimi dirəndi həyat üzümə, Dərdi də tapanda qırmızı tapdım.

Tutub yellənirdim ömrün ipindən, Qəfil bir səs gəldi quyu dibindən, Köhnə pencəyimin qoyun cibindən, Divara qısılmış payızı tapdım.

Sən ki, var edənsən hər şeyi yoxdan, İlahi, ayırma qəlbimi oxdan, Kəsib saxlamışdım şəklini çoxdan, Şəkildə gördüyüm o qızı tapdım..

Published online