All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Elə ki düşürsən dara, baxırsan,

Ayaz Arabaçı

Elə ki düşürsən dara, baxırsan, Tək odu, tək odu, tək odu, tək o. Və sən bu dünyada hara baxırsan, Tək odu, tək odu, tək odu, tək o..

Heç bir imzasında şəkk buraxmayan, Ümidsiz, inamsız rəng buraxmayan, Səni tək qoymayan, tək buraxmayan, Tək odu, tək odu, tək odu, tək o..

Cavabı müəmma neçə sorğu var, Min - min haramxor var, min-min oğru var, Bircə həqiqət var, bircə doğru var, Tək odu, tək odu, tək odu, tək o

İçində dönsə də min cürə təzad, Qəlbini tutsa da qatı şübhə - zad, Tək odu zamandan məkandan azad, Tək odu, tək odu, tək odu, tək o.

Düşün ki, nəfəsdi, adi bir nəfəs- Sənə bundan artıq nə lazımdı bəs, Yeganə sükutda duyduğumuz səs, Tək odu, tək odu, tək odu, tək o.

Yedə hökm etsə də min cürə alçaq, Heç kəsə əyilməz o ulu sancaq, Bircə hökmran var, tək bircə ancaq, Tək odu, tək odu, tək odu, tək o..

Dözmüşük, dözürük, bir ona xatir, Varmı başqa biri nüsxəsi nadir, Bütün kainatda hər şeyə qadir, Tək odu, tək odu, tək odu, tək o..

Yox başqa bir hökm, başqa bir divan.. Ya Filipp, ya Qasım, ya, Con, ya Ivan, Odu getdiyimiz sonuncu ünvan, Tək odu, tək odu, tək odu, tək o.

Published online