All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əl verməz hər kaman, hər qopuz mənə,

Ayaz Arabaçı

Əl verməz hər kaman, hər qopuz mənə, Mənim mizrabıma hər sim açılmaz. Azdırıb dilini bir naşı çoxdan, Min cür açar salsam, tərsim, açılmaz.

Endirə bilmərəm zərbəmi vaxta, Çölümdə bahardı, içimdə şaxta, Ağ bayraq qaldırıb taleyə-baxta, Olsam da yüz dəfə təslim açılmaz.

Hökmü özüm verdim qət ilə çıxdım, Asıb kəndirimi kətilə çıxdım, Mən səndən bir ömür tətilə çıxdım, Məktəbim bağlanıb, dərsim açılmaz.

Bükülü durmuşdun qönçə düyündə, Bir müşk qoxusunda, ənbər iyində, Səbr yiyəsiyəm, hər dediyində, Mənim tapançatək hirsim açılmaz..

Çalın o havanı ey ifaçılar, Səf tutub oynasın ağrı-acılar, Yetimə yox yerdən güllə açılar, Amma ki var yerdən "Sim-sim", açılmaz..

Harda sona yetir bu qanlı törən, Kimdi palçıq qatan, kimdi daş hörən, Varmı başqa həyat o yanda görən- Açılmaz bu qoca tilsim, açılmaz.

Published online