Poem · Azərbaycan
Düzü yalanında boğulub gedib,
Düzü yalanında boğulub gedib, Yalanı düzündə ilişib qalıb. Başını itirib qoca tarixim, Əlləri üzündə ilişib qalıb..
Gör necə hönkürür qəfəsdə şir, bax, Nələr tapacaqsan, arxivə gir bax, Sürməli, sırğalı nərlərə bir bax, Hər eşşək izində ilişib qalıb,
Qoxusu kəsilmir bu üfunətin, O qanlı sənədlər oyana, çətin, Biri BMT-nin, biri ATƏT-in, Toz basmış mizində ilişib qalıb.
Dinlə sözlərimi, yadın aləti, Bəsdi tapdadığın eli-adəti, Mənim torpağımın bəy səadəti, Hansı limuzində ilişib qalıb.
Haqqı bağırmaqdan yoruldu əngim, Ulaşmır min ildi Tanrıya zəngim, Nədən od nəfəsli topum tüfəngim, Uyğu dəhlizində ilişib qalıb.
Ağzımı açmağa qalmayıb heyim, Nolar, bir qulaq as, gözünü yeyim , Mənim azadlığım, suverenliyim, Gör kimin dizində ilişib qalıb.
Published online
Source: https://ayazarabaci.com/writing/duzu-yalaninda-bogulub-gedib/