Poem · Azərbaycan
Durub-durub boynuna sarılardım elə hey..
Durub-durub boynuna sarılardım elə hey.. Sonra da bircə dəfə tabutuna sarıldım.. ---------------------------------------------------- Nənəm oruc tutardı ilin çox hissəsini, Dualarnan açardı ürəyini Allaha. İndi də eşidirəm onun qəmli səsini, Getdiyi son səfərdən qayıtmasa da daha..
Qarışmışdı bəxtinin qarası ağı ilə, Dolanardı daima başında min bir qəza. Oyanardım obaşdan uşaq marağı ilə. Yanını kəsdirərdim duranda dəstəmaza.
O elə uzun-uzun yalvarardı rəbbinə, Heç nə başa düşməyib yazıq-yazıq baxardım. Amma ki,bir istilik yayılardı qəlbimə, Balaca bir çay kimi köpüklənib axardım.
Sonra da dərdləşərdi ocaq daşları ilə, Açılardı azacıq solğun bəti-bənizi. Qızıl dilli alovlar uzanıb gilə-gilə, Qurudardı gözündə çalxalanan dənizi.
Günün yorğunluğunu götürərdi aradan, Yuyardı buz bulaqlar qəlbinin ahlarını. Ancaq nədənsə onu eşitməzdi yaradan, Zülmətə qərq edərdi nurlu sabahlarını..
Nənəm xəstə olanda həkim verən kağızı, Atam qəfil ağlayıb uşaq kimi cırmışdı. Bir yol asi düşmədi heç vaxt zalımın qızı, Həyat bacardığıtək ürəyini qırmışdı.
Səsi nəğmələnərdi min ahənglə başımda, Gümüşü saçlarından nurlanardı hisli dam. Kaş mən o vaxt öləydim altı-yeddi yaşımda, O vaxt ölmədiyimə indi də çox peşmanam...
Published online
Source: https://ayazarabaci.com/writing/durub-durub-boynuna-sarilardim-ele-hey/