Poem · Azərbaycan
Dünən
Dünən dilxor şəkildə uzanmışdım divanda. Yellənirdi xəyalım köhnə bir nərdivanda.. İşığı söndürmüşdüm. Bu aralar tərs kimi sayğaç da lap çox yazır. Qəbzə baxanda bir an, Adamın beyni çönür,adamın ağlı azır.. Nə başınızı ağrıdım,qollarımı götürdüm qoynumda çarpazladım. Yuxuya getmək üçün gözlərimi sazladım.. Sonra məni bir ağcaqanad hövsələdən çıxartdı. Qətiyyən xoşuma gəlmirdi səsinin ahəngi. Bundan min pay yaxşıdır bəlkə də əcəl zəngi. Düzdü məni ürəklə,nəvazişlə öpürdü.. Ancaq ki,hər bir yerim qızarırdı-köpürdü. İşığı yandırırdım qaçırdı gizlənirdi. Hirsimdən ağlayırdım, qəlbim gilizlənirdi.. Bir az Şərq siyasəti ilə özümü qorudum, Bir az Qərb siyasəti ilə. Bəslənirdi zəhirmar bir şair əti ilə.. Daşı ölməyə başlamış saatın yekə əqrəbi 3 rəqəminin qurşağında iməkləyirdi. Gözümü yuman kimi əclafın dodaqları qanımdan çiçəkləyirdi. Özümü çırpa-çırpa taqətdən-haldan oldum, On-on beş dəqiqəyə qanıma qəltan oldum. Hardan gəldi sorurdu,sağı-solu yox idi.. Azərbaycan kimiydim, Çıxış yolu yoxuydu..
Published online
Source: https://ayazarabaci.com/writing/dunen/