Poem · Azərbaycan
Döyərmi qapımı titrək əllərin,
Döyərmi qapımı titrək əllərin, Qayıdıb əvvəlki yaddaşa dönsəm.. Gülərmi üzümə ipək tellərin, Bir ağaca dönsəm, bir daşa dönsəm..
Bitərmi oynanan bu qanlı çövkan, Sönərmi qəzəbin, keçərmi öfkən, Saçını uzadıb çiyninə tökən, Avara, yaramaz qaqaşa dönsəm..
Bir addım irəlim, on addım gerim! Burnumun ucunda göynəyən yerim, Çəkdiyim ağrını nə rəngdə verim, Şairdən daha çox, nəqqaşa dönsəm..
Göynəsəm dibində sönmüş bir şamın, Gömülsəm içinə qan dolu camın, Qırsam rekordunu Ömər Xəyyamın, Şəraba qurşanıb əyyaşa dönsəm..
Ayıldım yuxudan, səsindən öpüb, Tərli pəncərəmə nəfəsin hopub, Ürəyin düşərmi sinəndən qopub, Çapıb köhlənimi o yaşa dönsəm.
Belə bilərdinmi sən heç, təkliyi.. Bir can yanğısıdı bu eşq təkliyi, Bir də yaparammı o eşşəkliyi, Təzədən qayıdıb ən başa dönsəm..
Published online
Source: https://ayazarabaci.com/writing/doyermi-qapimi-titrek-ellerin/