All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dolumuz boşalıb, boşumuz şişib,

Ayaz Arabaçı

Dolumuz boşalıb, boşumuz şişib, Gözümüz göyərib, qaşımız şişib, Fikir eləməkdən başımız şişib, Qarşı-qarşıyayıq çox sualla, biz.. Şeytanın ağzında dili köz olsun, Qoymur üstümüzdə Tanrı göz olsun, Dərdin ünvanına hansı söz olsun.. Yaşaya bilərdik cah-cəlalla biz. Eh qoca məmləkət-eh qoca səngər, Düşdü taleyinə bir naşı zərgər, Mindirən olsaydı qiymətə əgər, Cəngə də girərdik Rüstəm Zalla biz.. Yoxdur deyinməyin mənası yoxdur, Bağında reyhanı, nanəsi yoxdur, İçində bir hüzur xanəsi yoxdur, Keçirdik bu ömrü qeylü-qalla biz. Cəhənnəm dolanıb cənnətə gəlsin, Gözlər işıqlansın, can, ətə gəlsin, Görüm bu kompası lənətə gəlsin, Haraya gedirik bu minvalla, biz. Yoxmu tamahına bir yol tət, baba, Gərək ətmi olsun, hökmən, ət, baba, Bəlkə bir deyəsən, hökumət, baba, Nə qədər uğraşaq boş çuvalla,biz.. Donana atəşik, yanana buzuq, Boşuna deyil ki, duzuq, ey, duzuq.. Bütün sahələrdə analoqsuzuq, Möcüzə millətik oğul, Valla, biz.

Published online