All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dəqiq bir şey görmürəm mən bu qara pərdədən,

Ayaz Arabaçı

Dəqiq bir şey görmürəm mən bu qara pərdədən, Harda yoxdasan Allah, harda vardasan, Allah. Yəqin ki, əyləşibsən köhnə iş otağında, Hansısa mübhəm, uzaq bir diyardasan Allah..

Bir şirin duadadı, gecəbəgündüz adın, Bəs haçan görəcəyik, hanı ləzzətin-dadın, Dərdimizi görmədin, naləmizi duymadın, Hansı kordasan Allah, hansı kardasan Allah..

Gəzsəm əlimyandıda çağrı yanında yoxsan, Bir şairin köz olmuş bağrı yanında yoxsan, Acı yanında yoxsan, ağrı yanında yoxsan, Yaxşı, hansı kafedə, hansı bardasan Allah..

Sənin ki, əlindədir, öz həyatın, dəyişdir, Mənzilə tez yetişmir köhlən atın, dəyişdir, Burdan yaxşı görünmür qeydiyyatın, dəyişdir, Bəsdi ahdasan Allah, bəsdi zardasan, Allah..

İztirabın, əzabın sevincindən yey gəlir, Qapıdan da doluşur, bacadan da hey gəlir, Dilim-ağzım qurusun, ağlıma min şey gəlir, Bəlkə girov götürüb şeytan, dardasan , Allah..

Bu qədərmi çətindi son, bu nigaranlığa, Heç olmasa mənimtək düşün də, bir anlığa, Nə üçün bürünmüsən bu qədər qaranlığa, Axı sən, ən işıqlı arzulardasan, Allah..

Published online