All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dəniz bu gün arınmışdı kirli yosundan,

Ayaz Arabaçı

Dəniz bu gün arınmışdı kirli yosundan, Sular güllü köynəyintək səliqəliydi. Mən deyildim o,oyanan,qış yuxusundan, Saçlarını sığallayan Tanrı əliydi.

Sübhə qədər cəng etmişdim umu-küsünlə, Yetişmirdi köməyimə sıravi sözlər.. Qəfil doğdun taleyimə sən bu hüsünlə, Durulandı,şəfəqləndi qırovlu gözlər.

Mən deyirdim ,indən belə ömrün qışıdır, Daha doğmaz bir də könlün səyyarələri.. Sən dedin ki,yolların da kefi yaxşıdır, Ötüb keçək qatarları-təyyarələri.

Baş-başaydıq,bir sahildə biz iki ocaq.. Günəş gümüş səmaları qalaylayırdı. Gedirdinmi-gəlirdinmi,bilmirdim ancaq, Ayaqlarım arxanca heyy valaylayırdı..

"Qumru"ları hara gəldi pərənləyirdim, Çiçək-çiçək ən sevdiyim fəslim olurdun.. Mən ağlıma gələnləri çərənləyirdim.. Sən astaca ləyaqətlə təslim olurdun..

Published online