All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Daha saxlayammıram bir tikə təmiz adı,

Ayaz Arabaçı

Daha saxlayammıram bir tikə təmiz adı, Ürəyimin yükündən qollarıma güc düşür.. Ancaq ayaq səsini eşidirəm bəxtimin, Mənim arzularımın üstünə gün gec düşür..

Bu nə cavana baxır, nə də ki, bir ahıla, Qulluq edir həyatda hərə bir cür ağıla, Məndən yaxşı inanan adam yoxdu, nağıla, Gör ey, o üç almadan biri mənə heç düşür.

Elə həmin köhnə yol, həmin sevda, həmin ad, Nə şeytani həvəs var, nə ilahi təminat, Elə bil içimdəki eşqə, sevgiyə inad, Harda bir bəla varsa sevincimə eş düşür.

Lap yüz il üst-üstə yığ qaralmış qəpikləri, Sənə sarı əyiməz xəyalının pikləri, Elə amansızdı ki, taleyin təpikləri, İkisini yeməmiş adam tamam leş düşür.

Gecəsini bilirəm, gündüzünə bələdəm, Hansı qanda dövr edir hansı zina, bələdəm, Mən bu alçaq həyatın hər üzünə bələdəm, Bilirəm kimin zəri nəyə görə şeş düşür.

Çoxmu çətin sağalar həkim, səncə bu yara, Hər gün gedib - gəlirəm içimdəki biyara, Bu qədər stresnən ömrü-günü bu yerə, Gətirib çıxartmağın özünə bir "5" düşür..

Published online