All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çaparaq gəlib çıxa,

Ayaz Arabaçı

Çaparaq gəlib çıxa, çöldə hökm edə şaxta, Meşənin ətəyində balaca bir otaqda- Qışın oğlan çağında bir odun peçi yana, Bir az tüstünün iyi, bir az alovun ətri Keçə ürəyə-qana.. Qızılgül ləçəyitək sola günəşin üzü, Soyuq göm-göy göyərdə ağarmış çölü-düzü, Eşidilə küləyin boğuq kişnərtiləri, dağların ətəyindən.. Sovura sərçələri tökə qar üstə dən-dən.. Qar yağa qucaq-qucaq, qar yağa ətək-ətək, Yağa lap hövsələylə ta gecə yarıyadək. Qar yağa asta-asta, qar yağa narın-narın, Uzana ağ saqqalı qocaman ağacların. Stolun üzərində balaca bir şam yana. O evdə, o otaqda hakim olasan ana! Qorxusunu unudub məlun bir ömrün-yaşın, Yanında üç-dörd nəfər könül dostun-sirdaşın, Qovasan içindəki lilləmiş durğunluğu. Çıxa bir az canından illərin yorğunluğu. Vurub nəğmə deyəsən aradabir bu qışa, Hörümçək toru basmış divarlar da qızışa.. Badə-badə eydirib könlümüzü sağa, qar, Asta-asta vurasan, yavaş-yavaş yağa qar.. Qapını aralayıb hərdən baxasan qara, Lap bir az da gedəsən o qarı yara-yara..

Published online