Poem · Azərbaycan
Canını hardan ki,zirehləyirsən,
Canını hardan ki,zirehləyirsən, Ağrılar yığılıb düz ordan keçir. Gözünə bir qatı qaranlıq çökür, Bilmirsən yol hardan,iz hardan keçir.
Dünyaya heç kimin batmadı dişi, Bezib əlimizdən göydəki Kişi, Neyləyək,bizim də taleyin işi, Birbaşa gileydən-güzardan keçir.
Yol alıb gedirik batana kimi, Ürək bir mənzildə yatana kimi, Ömür əlli yaşa çatana kimi.. Min-min dərddən keçir,azardan keçir.
Bir qoca möhürnən,bir yekə bəndnən, Pozulmaz nizamnan,ilahi xətnən, Beş kilo sümüknən on kilo ətnən, Hamımız bir ucuz bazardan keçir..
Qafil,bir söz deyim-bil və agah ol... Bütün yer üzünə sultan ol,şah ol, İstəyir lap elə yarımallah ol, Yenə də yolların məzardan keçir..
Published online
Source: https://ayazarabaci.com/writing/canini-hardan-ki-zirehleyirsen/