All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu yol kəndimizə aparır məni,

Ayaz Arabaçı

Bu yol kəndimizə aparır məni, Uzaqdan görürəm qarlı dağları. Qoy hələ dodağım üzünə dəysin, Öpəcəm doyunca bal bulaqları.

Bu yol kəndimizə aparır məni, Yaşıl aynəbəndli o ev bizimdir. Bu cığır düz gedib qapıya çıxır, Bu mənim şəhərə gedən izimdir.

Ayağı kəsilib yelin,yağışın, Hər yerə səmadan nur çilənib nur. Gəlişim anamın qəlbinə damıb, Həyət-bacamızı süpürür odur.

Quzu otarmışam bax,o yamacda, Yastığım olubdu nazlı çiçəklər. Görsə gəldiyimi kənd uşaqları, Bir-bir muştuluğa yüyürəcəklər.

O çay da,meşə də o dağ da-düz də, Ən şirin,ən gözəl xatiratımdır. O əyri budaq da,yastı qaya da, Bax o boz təpə də mənim atımdır.

Sevinir süpürgə,xəkəndaz belə, Sevinir hələ bir hisli fanar da. Çəliyə söykənmiş babam kimidi,,. Bu qoca palıd da,bu xan çinar da..

Açıb qollarımı,qucaqlayıram, Şehli çəmənləri,göy meşələri. Gərək gözlərimə yığıb aparam, Şəhərə dönəndə bənövşələri..

Published online