All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu gün hətta İlahinin özü də,

Ayaz Arabaçı

Bu gün hətta İlahinin özü də, Keçib sənin tərəfinə əsgərim. İcazə ver bu badəni qaldırıb, İçim sənin şərəfinə əsgərim.. ******** '***************"**' '' Sən bir aslan yavrususan bu yaşda, Yazdım getdi ər adını ta başda, Elə kəs ki, nəfəsini savaşda, Qoy qalmasın yağılardan heç bir ün, Gün bu gündü, gün bu gündü,gün bu gün.

Qaytar mənə tariximi, yaşımı, Ocağımı, torpağımı, daşımı, Sənə görə dik tuturam başımı, Əskilməsin qoy başından bir tükün, Gün bu gündü, gün bu gündü, gün, bu gün..

Perikdirib quzğunları ləngərin, Zəfər qoxur dadlı-duzlu səngərin, Basılmazdı beşulduzlu səngərin, Ellər sənə arxalanıb çün bu gün, Gün bu gündü, gün bu gündü, gün bu gün.

Vüqarında min gülüzlü səhər var, Murovdağdan Dəlidağa səfər var, İrəlidə qələbə var, zəfər var, Xatirəyə qovuşubdu,dün bu gün.. Gün bu gündü, gün bu gündü, gün bu gün.

Otuz ildi inildədik bu aha, Sən bilirsən nə ucuzdu, nə baha, Heç bir vəchlə hesab qoyma sabaha, Elə bu gün çürüt getsin büsbütün, Gün bu gündü, gün bu gündü, gün bu gün..

Yürü, durma hər addımı zəlzələ, Qaytar məni,ilkinliyə,əzələ, Xəritəmə bir əl gəzdir təzələ, Dərd əlində hirs alovdu can tütün, Gün bu gündü,gün bu gündü, gün bu gün..

Səndən gələn hər bir zəngi öpürəm, Sinəndəki o tüfəngi öpürəm, Bayrağında hər üç rəngi öpürəm, Var, dövlətin, var,qüdrətin, var, gücün. Gün bu gündü,gün bu gündü, gün bu gün..

Published online