All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu gördüyün rənglərin heç biri bizlik deyil,

Ayaz Arabaçı

Bu gördüyün rənglərin heç biri bizlik deyil, Bizim taleyimizin ayrıca bir rəngi var. Ayrıca dersəm yəni, mütləqa fərqindəyəm, Ayrıca bir badəsi, ayrıca bir Bəngi var.

Min dəfə yanlış yapıb, yüz dəfə səhv etmişik, Amma ki, güc toplayıb, biz- bizi əfv etmişik, Bütün maneələri dəf kimi dəf etmişik, Yolumuzu kəsməyə hansı Ərəbzəngi var..

Rejissoru kimiydi bu məşhur oyunların, Mənim qurdlarım öldü, sənin də qoyunların, Mən çoxdan bilirdim ki, bu cür qol-boyunların, Dalınca infarktı var, təzyiqi, xərçəngi var.

Bu baharın səhərlər havası elə şıq ki, Hər yanımız-yörəmiz işıq oğlu- işıq ki, Bu sülhə biz hazırdan nazir olmamışıq ki, Aramızda illərin qovğası var, cəngi var.

Bu nə fəsli-bahardı, tərtibata göz atdım, Ayı bir az qısaltdım, günü bir az uzatdım, Axır ki, dərvişanə bir ilkə imza atdım İlahi, bu axşamın nə gözəl ahəngi var.

Asılmağa dəyərmiş bu sevdanın ipindən, Bir qom bənövşə dərdim ürəyimin dibindən, Gül qoxusu yayılır pencəyimin cibindən, Sənin kimi bir qızın telefonda zəngi var.

Published online