All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Böyüyürdü get-gedə içimdəki genişlik,

Ayaz Arabaçı

Böyüyürdü get-gedə içimdəki genişlik, Gözümdə min-min işıq,min-min rəng sayrışırdı. Baxışları hər dəfə üzümə zillənəndə, Dilim topuq vururdu,ağlım-huşum çaşırdı. Bağbanı Tanrı olan çiçək bağçası idi, Dodağında şeh gülə,gül şehə qarışırdı. Qatar ləngər vururdu sərxoştək sağa-sola, Vaqonlar bir-birinin qucağına aşırdı.. O qız nəydi İlahi...

Əridirdi aramla könlümdəki buzları, Misra-misra açılıb,söz-söz sətirlənirdi. Yox olmuşdu hamıdan acı tər qoxuları, Nərgiz nəfəsi ilə hər-yer ətirlənirdi.. Yayırdı saçlarını qolumun üstə tez-tez, Tel-tel əzizlənirdi,tel-tel xətirlənirdi.. Donu günəşdən enən paraşüt kimi idi, Elə yırğalanırdı,elə çətirlənirdi.. O qız nəydi İlahi...

Onu yer altındakı şütüyən bu qatara, Göndərmişdi mələklər gözlənilməz pay kimi. Mən heç vaxt cərəyanla belə yüklənməmişdim, Gərilmişdi hisslərim sol qolumda yay kimi. Enirdi dalğa-dalğa, qalxırdı dalğa-dalğa, Ətrafa haray salan bir dəlisov çay kimi. Bir baxırdım,təzədən dönüb bir də baxırdım, Süd içində çimirdi təzə doğmuş ay kimi. O qız nəydi, İlahi..

İtib getmək olardı bu nəğməyə qoşulub, Dərdmi üzü qışaydı eşqmi üzü yazaydı.. Adamlardan gizlənib sığınmışdı qoynuma, Ya şeytandan lütf idi,ya Tanrıdan cəzaydı.. Qəfil ölə bilərdim bəlirsiz bir sevncdən, Bu mənim sağ çıxdığım yeganə şah qəzaydı. Elə bildim heç zaman bundan öncə olmayıb, Ağlım uçub gedirdi,hər tərəfim fəzaydı. O qız nəydi İlahi..

Özüm də inanmıram yaza-yaza bu şeri, Həqiqətə oxşayan yalan idi yaşadım. Qatar fitinə döndü ürəyimin harayı, Qarət idi yaşadım,talan idi yaşadım.. Təkcə qərar verirdi bir könül bazarında Satan idi yaşadım,alan idi yaşadım. O qız kimin qızıydı o qatarda İlahi, Bəlkə sənin doğmaca balan idi yaşadım. O qız nəydi İlahi..

Published online